Dünya Bankı Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı (DB) 2014-cü ildə Azərbaycan ÜDM-nin artım proqnozuna yenidən baxıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü dərc olunmuş "Qlobal iqtisadi perspektivlər" ("Global Economic Prospects") adlı məruzəsində deyilir. Məruzədə qeyd olunur ki, bank il ərzində ölkə ÜDM-nin 5,3 faiz artacağını güman edir. 2013-cü ilin iyununda dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 4,8 faiz səviyyəsində olacağını gözləyirdi. 2015-ci il üzrə ÜDM-in artım proqnozu dəyişməz qalıb və 4,5 faiz səviyyəsində müəyyən edilib.

Gözləntilərə görə, 2016-cı ildə ölkədə ümumi istehsalın artımı 3,9 faiz təşkil edəcək.

DB-nin proqnozlarına görə, 2014-cü ildə cari əməliyyat hesabları profisitinin ÜDM-ə nisbəti 15,9 faiz, 2015-ci ildə 14,3 faiz, 2016-cı ildə isə 12,5 faiz səviyyəsində gözlənilir. Bankın ilkin qiymətləndirmələrinə görə, 2013-cü ildə bu göstərici 17,7 faiz təşkil edib.