Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb.
ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, yardım masalarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə iş günü ərzində metodiki kömək göstəriləcəkdir. Dövlət Əmək Müfəttişliklərində təşkil edilmiş yardım masaları Əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi prosesi başa çatdırılana kimi fəaliyyətdə olacaqdır.
Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 "Qaynar xətt"i vasitəsilə də göstəriləcəkdir.
Qeyd edək ki, "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı" Qaydalar, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə metodiki göstərişlər Nazirliyin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.